Sizi salamliyiram Гость | RSS

Вторник, 19.03.2024, 10:27
Istəyirəm bəri başdan burda yazılanların hamısını siyahıya alam və yazdıqca bu siyahını davam etdirəcəm:
ANAMIN KİTABI- Cəlil Məmmədquluzadə
ABBAS VƏ GÜLGƏZ dastanı
ŞAH İSMAYIL dastanı
AŞIQ QƏRİB dastanı
VƏBA (LA PASTE)- Albert Kamü
ŞİKAYƏTNAMƏ- M.Füzuli
STUDENTLƏR- Y.V.Çəmənzəminli
QAN İÇİNDƏ- Y.V.Çəmənzəminli
İTİRİLMİŞ CƏNNƏT (PARADİSE LOST)- Con Milton
YARPAQLARIN FACIƏSI- Çarles Bukovski
UŞAĞIM- Mirzə Ələkbər Sabir
HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR- M.F.Axundzadə
HEKAYƏTİ - MÜSYÖ JORDAN VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH- M.F.Axundzadə
HEKAYƏTİ-XIRS QULDURBASAN- M.F.Axundzadə
HEKAYƏTI – VƏZIRI – XANI – LƏNKƏRAN-M.F.Axundzadə
HƏKAYƏTİ - MƏRDİ - XƏSİS (HACI QARA)- M.F.Axundzadə
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ- M.F.Axundzadə
CEVİZ AĞACI- Nazim Hikmət
BİR SƏS- Səməd Vurğun
HƏYAT FƏLSƏFƏSİ- Səməd Vurğun
HAYIF Kİ, YOXDUR- Molla Pənah Vaqif
PƏRİ- Molla Pənah Vaqif
QƏZƏL- Nizami Gəncəvi
BAYRAM OLDU- Molla Pənah Vaqif
DEYİLMİ?- Bəxtiyar Vahabzadə
GÖR NECƏ GÜCLÜSƏN- Bəxtiyar Vahabzadə
LAYLA- Abdulla Şaiq
NİŞANLI QIZ- Abdulla Şaiq
KEÇİ- Abdulla Şaiq
UŞAQ VƏ DOVŞAN- Abdulla Şaiq
NƏ İŞİM VAR?!- Mirzə Ələkbər Sabir
YAĞIŞDAN ÇIXDIQ, YAĞMURA DÜŞDÜK- Nəcəf bəy Vəzirov.
 
 
 
ANAMIN KİTABI
"Anamın kitabı"- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər. Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə "həpsi əşardır"- yəni şer və əruz haqqındadır.
Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın kitabı" rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.

Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
 
 
 
 
 
 
ABBAS VƏ GÜLGƏZ" dastanı.
Abbas və Gülgəz dastanı Aşıq Abbas Tufarqanlının qoşmaları əsasında yaranmışdır. Dastanda Aşıq Abbasın Gülgəz adlı bir qızı sevməsindən danışılır. Şah Abbasın pəhləvanı Dəli Becan aşığın sevgilisini zorla isfahana aparır. Aşıq da İsfahana gələrək, sözün və sazın gücü ilə sevgilisinə qovuşur.
*******************************************************************
"ŞAH İSMAYIL" dastanı.
Çoxları dastanın adından elə başa düşürlər ki, bu dastan Şah İsamyıl Xətaiyə aiddir, amma elə deyil.

Bu dastanda məhəbbət və qəhrəmanlıq mövzusu vəhdətdə götürülmüşdür. Dastanın qəhrəmanı İsamyıl igid və qorxmaz bir insan kimi təsvir olunur. O, sevgilisinə qovuşanadək bir çox çətinliklərlə üzləşir. İsmayılın atası qorxaq və qəddar Zülal şah oğlunun gözlərini çıxartdırır. Lakin İsmayıl sağalır və atasını öldürərək şah taxtına sahib olur. Dastan bu cür nikbin sonluqla bitir.
Dastandakı əsas surətlərdən biri də Ərəbzəngidir. Kişilərdən vəfasızlıq görən bu qadın yol kəsərək intiqam alır. Ərəbzəngi Şah İsmayıla məğlum olandan sonra onun ən yaxın silahdaşına çevrilir.
**********************************************************************
"AŞIQ QƏRİB" dastanı.
Aşıq qərib dastanı təbrizli aşıq Qəribin qoşmaları və başına gələnlər əsasında yaranmışdır. Dastan əsl adı Rəsul olan yoxsul aşıqla tiflisli varlı tacir qızı Şahsənəmin məhəbbətindən bəhs edir. Eşqi yolunda doğma Təbrizdən uzaq düşən aşıq Qərib uzun ayrılıqdan sonra sözün və sazın gücü ilə sevgilisinə qovuşur.
Dastanda təbrizin gözəlliyindən bəhs edən qoşma vardır. Məşhur rus şairi M. Y. Lermontov bu dastan əsasında "Aşıq Qərib" əsərini yazmışdır.
***********************************************************************
 
 
 
 
La Peste - (Vəba)

20 əsr yazıçısı, nobel ədəbiyyat mükafatına layiq görülmüş, absurdizm fəlsəfəsinin tanınmış davamçılarından Albert Kamü - nün Vəba adlı əsəri onun ilk ən məşhur əsəridir. İkinci dünya müharibəsi illərində yazılmışdır.

Bildiyimiz kimi Vəba xəstəliyi vaxtilə xüsusən Avropada, Asiyada yayılmış xəstəlik olub. "Qara yara" (taun) adı ilə də tanınır.

Yazıçı bu əsərdə Oran şəhər əhalisinin bu xəstəlikdən əziyyət çəkməsindən yazır. Oran Əlcəzairdə dənizə çıxışı olan port kənarında şəhərdir.
Epidemiyanın qarşısını almaq məqsədilə meriya şəhəri təcrid şəraitində saxlamaq qərarına gelir.
Beləcə insanların qohumları ilə əlaqələri kəsilir. Port vasitəsilə də qaça bilmirlər.

Əsərin baş qəhrəmanları :

Rieux (Ryö) - həkim,

Castel - Rieux - nün iş yoldaşı, o da həkimdir,

Rambert - Parisdən gəlmiş jurnalist, əvvəlcə şəhərdən çıxıb getməyə cəhd etsə də, sonradan qalıb digərlərinə bu mübarizədə kömək edir,

Tarrou (Taru) - mübarizənin fəal iştirakçılarındandır, gündəliyində baş verənləri qeydə alır, sonda xəstəlik onun da canını alır, ölərkən yazdığı gündəliyini Rieux - yə verir,

Cottard - yaranmış vəziyyətdən istifadə edərək şəhərdə qaçaqmalçılıqla məşqul olur, epidemiya çəkildikdən sonra o həbs olunur və havalanır

Père Paneloux (Panlu Ata) - keşişdir, onun fikrincə vəba Allahın bir cəzasıdır

Grand - meriya işçisidir, bir ara o da xəstəliyə tutulur lakin sağalır

Onlar hamısı ələ - ələ verib birlikdə şəhəri bu epidemiyadan qurtarmağa çalışırlar və sonda buna nail olurlar.

"Vəba" tragediyası, alleqorik əsərdir, abstrakt bir şeyi konkret bir şeylə əvəz edir. Bu əsərində Albert Kamü əslində ikinci dünya müharibəsində tüğyan edən nazizmi göstərmək istəyir. Nazizm burada xəstəlik kimi təmsil olunur (infeksiyon siyasət).
Xəstəlikdən əziyyət çəkən xəstələr yəhudilər (ikinci dünya müharibəsində təqiblərə məruz qalmış xalq olaraq) və nazistlərin digər qurbanlarıdır, xəstəliklə mübarizə aparan əsərin personajları isə "Müqavimət hərkatı" nın üzvləri kimi təmsil olunur. Müqavimət (La Résistance) hərəkatı ikinci dünya müharibəsində "Roma -Berlin - Tokyo" nazist - faşist ittifaqına qarşı Fransada fəaliyyət göstərən gizli şəbəkələrə və qruplara verilən ümumi addır.

Əsərin sonunda həkim Rieux deyir : vəbanın kökü tam kəsilməyib, o unudulsa da ola bilsin ki nə vaxtsa yenidən qayıdıb gələcək (nazist ideologiyası kimi).
Həqiqətən də belədir ikinci dünya müharibəsi bitdi, digər müharibələr başladı həyat var olduqca müharibələr də olacaq
diqqətinizə görə çoxsağolun

mövzuya görə təşəkkür edirəm Shebnem,
digər əsərlərdən də yazmaq istərdim lakin vaxt məhdudluğuna görə çox üzr istəyirəm,
yavaş - yavaş yazmağa çalışacağam
xarici edebiyyatla bashladigim uçun de uzrlu hesab edin
 
 
 
 
 
 
 
ŞİKAYƏTNAMƏ"
"Şikayətnamə" Məhəmməd Füzulinin ana dilində yazdığı nəsr əsəridir.
Nişançı paşaya məktub adı ilə tanınan bu əsərin məzmunu Füzulinin tərcümeyi-halı ilə bağlıdır. Sultan Süleyman Qanuni Füzuliyə ayda 9 ağça təqaüd təyin edilməsi haqqında barat (yəni-təqaüd kağızı) göndərir. Lakin övqaf (vəqf) idarəsinə gələn şair həmin təqaüdü ala bilmir. Övqaf idarəsində məmurların sərt rəftarı şairi incidir və o, Nişancı paşaya ünvanladığı satirik məzmunlu bu məktubunu yazır.

Şikayətnamə şərti olaraq giriş və üç hissədən ibarətdir. Nəzmlə yazılmış kiçik girişdə şair təqaüd almaq arzusuna düşdüyü üçün peşman olduğunu bildirir:

Bilmədim ki, şikəstəhal oluram,
Həsəd əhlinə payimal oluram.

1-ci hissədə: "Sultan Allahın kölgəsidir, ondan kənar qaçmaq səhvdir" deyən şair hökmdardan gələn baratı təsvir edir.Əsərin əsas məzmunu 2-ci hissədə verilmişdir. Burada övqaf idarəsindəki məmurlar təsvir edilir və şairin onlarla söhbəti verilir. İdarədəki məmurların baxışları soyuq, ürəkləri hiylə ilə doludur. Bunu görən şair yazır:
"Salam" verdim, "rüşvət deyildir", –deyə almadılar. Hökm göstərdim, "faydasızdır", -deyə mültəfit olmadılar.
Daha sonra şairin məmurlarla söhbəti dialoq şəklində verilir. Füzuli: "Katibləri razı etmişiz", -deyən məmurların özbaşnalıq və rüşvətxorluğunu kəskin ifşaedici bir üslubla təsvir edir.

Əsərin 3-cü hissəsində kor-peşman evə qayıdan şairlə barat arasındakı münasibətdən danışılır. Şair istehzalı bir şəkildə yazır ki, mən bu barata görə təhqir olunduğum üçün ondan utanırdım. Barat isə faydasız olduğu və mənə əzab verdiyi üçün xəcalət çəkirdi.
Qafiyəli nəsrlə yazılmış "Şikayətnamə" ədəbiyyatımızda satirik nəsrin gözəl nümunəsi sayılır. Yüksək dəbdəbəli üslubda yazılmış əsərin dili qəliz və çətindir. Əsərdə kiçik şer parçaları da vardır.
 
 
 
 
 
 
 
 
 
 
Yusif Vəzir Çəmənzəminli

"QAN İÇİNDƏ"
"Qan içində" romanı (1936-1937-ci illər). Müəllifin özünün romana verdiyi ad "İki od arasında" olmuşdur. Bu adla müəllif Qarabağ xanlığının bir tərəfdən İranın, digər tərəfdən çar Rusiyasının işğalına məruz qalmasına işarə etmişdir. Roman yazıçının sağlığında çap olunmamışdır. 1968-ci ildə romanı nəşrə hazırlayan professor Əkbər Ağayev ona Qan içində adını vermişdir. Buna səbəb senzuranın romanın əvvəlki adı ilə çap olunmasına icazə verməməsi idi.
Romanın mövzusu XVIII əsrin II yarısında Qarabağ xanlığının tarixindən götürülmüşdür. Əsərin ideyası vətənpərvərlik, vətənin müstəqilliyi və azadlığıdır.

Romanın əvvəlində yazıçı iki tarixi əsərdən epiqraf gətirmişdir: Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sindən və Mirzə Camal Cavanşirin "Qarabağ tarixi"ndən.Birinci əsərdə Qarabağ xanlığının təşəkkül tarixindən, tərkib hissəsindən, ikinci əsərdə isə Pənahəli xan və İbrahimxəlil xanın hakimiyyəti illərində xanlığın xarici işğalçılara qarşı mübarizəsindən bəhs olunur. Ümumiyyətlə Yusif Vəzir bu romanı yazarkən 25 elmi və tarixi əsərdən istifadə etmişdir. Əsərdəki İbrahimxan, Molla Pənah Vaqif, Vidadı, Ağaməhəmməd şah Qacar, Mirzə Camal, II İrakli, Ağabəyim ağa tarixi şəxsiyyətlərdir.

Roman 3 hissədən ibarətdir. Hər hissədə 20-22 bölüm var. Roman Novruz bayramının təsviri və İbrahim xanın qızı Kiçikbəyimin bulaq başına gəlməsinin təsviri ilə başlanır.

Romanın baş qəhrəmanı Vaqifdir. O, həm həssas, həm dəbacarıqlı, tədbirli bir vəzir kimi təqdim olunur. Vaqif öz ağlı, hazırcavablığı sayəsində saraya gəlir və sarayda xanlığın möhkəmləndirilməsi uğrunda çalışır. Əsərdə Vaqifin şəxsi həyatı ilə bağlı məsələlərə də geniş yer verilmişdir. İlk arvadının vəfatı, oğlu Qasım ağanın anadan yetim qalması, şairin ömrünün sonlarında 2-ci dəfə Qızxanımla evlənməsi və onunla soyuq münasibətlərinin təsviri buna sübutdur.

İbrahim xan bacarıqlı və vətənpərvər bir şəxs kimi təsvir olunur. O, Qarabağ xanlığının güclənməsi və müstəqilliyi üçün çalışır. Rusiyanın Qafqaz xanlıqlarınamünasibətindəki ayrıseçkiliksiyasətinə İbrahim xan dözə bilmir. Rusiya imperatoru II Yekaterina gürcü çarı II İraklini hökmdar kimi qəbul edir. İbrahim xana isə ona boyun əyməyi təklif edir. Romanda İbrahimxanın insanlara qarşı qəddar və amansız üsullardan istifadsə etməsi də təsvir olunur. Əsərin sonunda İbrahim xan özünü və ailəsini düşünən aciz bir adama çevrilir. O, xanlığın ağır günlərində yaxınları ilə birlikdə Balakənə qaçır.

Ağa Məhəmməd şah Qacar əsərdəki əsas mənfi surətdir. Romanda o, işğalçı və zalım bir hökmdar kimi təsvir olunmuşdur. Qulaq kəsdirmək, göz çıxartdırmaq kimi cəzalar Qacara görə çox adi, sadə cəzalardır. Qacar sonda öz adamarı tərəfindən öldürülür.

Əsərin maraqlı surətlərindən biri öz əməyi və zəhmətilə böyüyən Səfərdir. O, namuslu və ədalətli bir kəndli gəncdir. Səfər ətrafında baş verən və ona qarşı edilən haqsızlığa dözməyərək qaçaqlıq edir. Xan Səfəri edam etdirmək istəyir, lakin Vaqifin köməyilə o bağışlanır.
Səfər vətənin dar günündə qaçaqlıqdan əl çəkərək düşmənə qarşı mübarizə aparır.

Romanda xanın arvadı Şahnisə xanım, qızları Kiçikbəyim, Sənəm və Ağabəyimağa, Vaqifin sevgilisi Mədinə, Vaqifin 2-ci arvadı Qızxanım kimi qadın surətləri də vardır.

Şahnisə xanım təmizürəkləri, kövrəkqəlbli bir anadır. Qızı Kiçikbəyim Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilərkən o, deyir:
"Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir qürbətdə qızımınn başına nələr gələcək?... Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Tehrana qız vermək Əzrailə can vermək kimi bir şeydir. Neynəyirəm qızıl teşti ki, içinə qan qusam?"
Kiçikbəyim özü də Tehrana, tanımadığı adama ərə verilməsini istəmir.
Kiçikbəyim İbrahim xanın 2-ci qızıdır. O, əmisi oğlu Məhəmməd bəyi sevir, lakin siyasi məqsəd üçün Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilir.
Şairə Ağabəyimağa da xanın qızıdır. Əsərdə o, həssas qəlbli bir qız kimi yadda qalır.
Xanın digər qızı olan Sənəm surəti də diqqəti cəlb edir. O, Vaqifin şerlərini əzbər bilir və şairə məhəbbət bəsləyir. Qəfil ölüm Sənəmin arzusunu gözündə qoyur.

Məhəmməd bəy İbrahim xanın qardaşı oğludur. O, əvvəlcə vətənpərvər, müsbət bir surət kimi təsvir olunur. Sonra isə Vaqif və onun oğlu Qasımı öldürtdürən ədalətsiz bir hökmdara çevrilir.

Romanda toy, bayram və s. kimi xalq adət-ənələrindən və yeri gəldikcə təbiət təsvirlərindən də məharətlə istifadə olunmuşdur.
 
 
 
 
 
 
 
 
YARPAQLARIN FACIƏSI"...
Dodaqlarım qurumuşdu. Oyandım və otlar ölmüşdü,
dibçəkdəki güllər qarğıdalı kimi saralmış;
qadınım çıxıb getmişdi
və boş şüşələr qanı qurumuş cəsədlər kimi
bürüdü məni işə yaramazlıqları ilə
günəş hələ göydəydi ancaq,
və ev sahibəmin qeydi bükülmüşdü
xoş və tələbsiz sarı kağıza; indi ehtiyac duyduğum
gülməli bir aktyordur, təxminən qədim təlxəklər kimi
absurd acı ilə zarafat edəcək və məni güldürəcək; acı absurddur
çünkü mövcuddur, bu haqda danışmayacağam
diqqətlə üzünü qırxdım köhnə bir ülgüclə
bir zamanlar gənc olan və
hamının dahi adlandırdığı adamın; ancaq
əslində yarpaqların faciəsi budur məncə,
şiş otlar, ölü bitkilər;
və qaranlıq bir dəhlizdə addımladım
ev sahibəmin dayandığı
bütün nifrətiylə əlini belinə qoyub,
sallayıb şişman, tərli qollarını
cəhənnəmə ki, pulun yoxdur deyə qışqırır
qışqırır kirayə pulunu ver deyə
çünki çaşmışdı dünya
ikimizə qarşı da.
 
 
 
 
 
 
 
 
UŞAĞIM.
Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Nə eəəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Atanın goru üçün, boşda bu tifli başına,
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
Indicə-indicə ancaq yetir on bir yaşına,
Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, -
Oğlu söydükcə fərəhden açılır balü pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!
Ne ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
Sozu ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Deyilik erməni, zayə edək övladımızı,
Oxudaq gözləri açılmamış ehfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
Qoymaram mektəbə, bir qabil uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
 
 
 
 
 
 
 
 
Şəxsiyyət və cəmiyyət Dünyanın fəlsəfi mənzərəsi çox rəngarəngdir, fəqət bütün bunlar dünya-insan münasibətləri ətrafında qurulur. Bu əsasda fəlsəfi bilikdə şərti olaraq obyektivist və subyektivist adlandırılan iki aparıcı xətt yaranmışdır. Obyektivist konsepsiyalar materialist və yaxud idealist olmalarından asılı olmayaraq dünyaya üstünlük verir və hesab edir ki, о bütün hallarda obyektivdir, yəni öz mövcudluğunda və keyfiyyətlərində subyektin istəyindən asılı deyil. Həqiqət hamı üçün eynidir. Obyektivist konsepsiyanın ən parlaq misalı Hegelin və Marksın fəlsəfəsidir. Bu təlim insan həyatında idrakın rolunu çox yüksək qiymətləndirir, çünki hesab edir ki, rasional bilik bizi həqiqət ilə bilavasitə birləşdirir və dünyanı necə varsa elə də göstərir. Subyektivizm obyektivizmin əksidir. Bütün yaşayan subyektlər üçün ümumi olan dünya çoxlu xırda «dünyalar» ilə əvəz edilir. Mən özüm üçün Kainatam və hədsiz dərəcədə tənhayam, çünki heç kim həbsxanaya çevrilən fərdi dünyamı mənimlə bölüşdürə bilməz. J.P.Sartrın fəlsəfəsi bu tip subyek­tivizm üçün parlaq misal ola bilər. O, hesab edirdi ki, öz iradəsindən asılı olmayaraq «varlığa atılmış» insan tamamilə azaddır. Ümumi həqiqət və ümumi qaydalar yoxdur. Hər bir insan özünəməxsus qorxu və risk ilə öz həyatını yaşayır, nə istəyirsə onu da edir və yalnız öz qarşısında cavab verir. Ümumi həqiqətlərə və görüşlərə tabe olmaq özünə xəyanətdir. Yaspers üçün (Toynbinin dediyi kimi) tarix şəxsiyyət yaradıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola bilməz. O, yazırdı: «Tarix arın-ayrı adamların daim və təkidlə irəliyə doğru hərəkətidir. Onlar başqalarını da öz arxalarınca getməyə çağırır. Onları eşidənlər və başa düşənlər bu hərəkata qoşulurlar». Şəxsiyyət problemini öyrənmək üçün ilk lazım olan «fərd» anlayışıdır. Hərfi olaraq bu söz hər hansı bir bütövün daha bölünməyən hissəciyidir, özünəməxsus «sosial atom»dur. Ayrı bir insan nəinki insan nəslinin tək nümayəndəsidir, həm də hər hansı sosial qrupun üzvüdür. Bu insanın ən sadə və mücərrəd xarakteristikasıdır. «Fərdiyyət» termini isə daha zəngin məzmun kəsb edir, insanın bütün şəxsi keyfıyyət və xassələri ilə birlikdə unikal və təkrarolunmaz varlıq olduğunu ifadə edir. Fərd konkret insandır və anadangəlmə Homo sapiens xüsusiyyətləri ilə yanaşı həm də sırf fərdi keyfiyyətlərə də malikdir. Bu onun həm təbii qabiliyyətinə, həm psixi xassələrinə (yaddaş, təxəyyül, temperament, xarakter) və təfəkkür qabiliyyətinə (mühakimə, fıkir), tələb və ehtiyaclarına aiddir. Bu mənada biz insanın fərdiliyi haqqında danışırıq. «..Fərdiliyə həmin fərdi başqa kütlədən fərqləndirən xassə və qabiliyyətin cəmi kimi tərif vermək olar». Z.Freyd insan yığını deyəndə bir qrup adamın təşkilatlanmış toplusunu, kütlə deyəndə xüsusi təşkil olunmuş insan toplusunu nəzərdə tuturdu. Burada fərdlər arasında bəzi ümumi cəhətlər yaranır: müəyyən situasiyada ümumi maraq, bir-birinə təsir etmək qabiliyyəti və s. Subyektin fəaliyyət, şüur və idrak daşıyıcısı kimi başa düşülməsi Yeni dövr fəlsəfəsindən başlayır. Bu da həmin fəlsəfə üçün xarakterik olan subyektivizm ilə əlaqədardır. Müasir fəlsəfə üçün subyekt hər şeydən əvvəl elə konkret cismani fərddir ki, məkan və zamanda yaşayır, müəyyən mədəniyyətə daxildir, özünün tərcümeyi-halı var, başqa insanlar ilə müxtəlif əlaqələrdə olur. İnsan haqqında bəzi elmlərdə həm də kollektiv subyekt anlayışı var. Belə subyekt müəyyən fəaliyyət, idrak və kollektiv şüur normalarının daşıyıcısı, onlara daxil olan fərdlər arasındakı qarşılıqlı əlaqə sistemi kimi başa düşülür. Cəmiyyətə münasibətdə insanın rolunu mütləqləşdirmək hiperindividualizm adlanır. İnkişaf etmiş Qərb ölkələrində indiki zamanda sinif və yaxud hər hansı sosial təbəqə deyil, məhz fərd (individ) diqqət mərkəzində durur. Qərb cəmiyyətində bir fərdin tələbatının onun qabiliyyətinə uyğun şəkildə ödənilməsi müşahidə edilir. Bir neçə şəxsiyyətin bir mənəvi bütöv halında birləşməsi hiperşəxsiyyət adlanır. Bu halda şəxsiyyətin siması onun şəxsiyyətlərarası münasibətlər sistemi ilə əlaqəsindən asılı olur. İlk növbədə fiziki-bioloji şəxsiyyət və yaxud Mən adlanan insan anlayışı irəli sürülür. Bu insanın bədəni və yaxud cisma­ni cəhətdən təşkil olunması, şəxsiyyətin ən dayanıqlı cismani xassələrə və özünü hiss etməyə əsaslanan komponentdir. Sosial şəxsiyyət cəmiyyətdə başqaları ilə ünsiyyətdə formalaşan insandır. Peşə sahəsində, ictimai fəaliyyətdə, dostluqda, sevgidə, rəqabətdə və s. özünütəsdiqləmənin bütün formaları şəxsiyyətin sosial strukturunu formalaşdırır. Mənəvi şəxsiyyət insan mənliyinin üzərində hər şeyin dayandığı görünməz təməli, nüvəsidir. Bu müəyyən mənəvi dəyərlərə və ideallara canatmanı əks etdirən daxili mənəvi vəziyyətdir. Fiziki, sosial və mənəvi şəxsiyyətləri ayırmaq kifayət qədər şərti xarakter daşıyır. Şəxsiyyətin bütün bu tərəfləri sistem təşkil edir və bu sistemin hər bir elementi insan həyatının müxtəlif mərhələlərində müəyyənedici əhəmiyyət qazana bilər. Mövcud dünya dinləri şəxsiyyətin normativ idealını yaradıblar. Məsələn, şəxsiyyətin xristian idealının əsasında Allaha məhəbbət və öz yaxınına məhəbbət prinsipi dayanır. İnsanın şəxsiyyətində iki təbiətin - Allah və insanın birləşməsi sirri in­san şəxsiyyətinin xristian anlayışının əsasını təşkil edir. Şəxsiyyətin islam modelində əsas cəhət Allah iradəsinin ciddi və qüsursuz olaraq həyata keçirilməsidir. Müsəlman mütləq təkallahlılığa və Məhəmməd peyğəmbərə sözsüz olaraq inanır. İslam mənasız qantökməyin əleyhinə olaraq yalnız hücum edənə cavab verməyə çağırır. Şəriət şəxsiyyətin fiziki, əqli və mənəvi inkişafına təhlükəli olan bütün şeyləri yasaq edir. Məsələn, spirtli içkilər, narkotik maddələr, təmiz olmayan ət və s. yasaqdır. Özünəqəsd, ailəyə xəyanət, oğurluq, dələduzluq, istismar, qumar və s. qəti qadağandır. Xristianlıqdan fərqli olaraq islam bu dünyadakı həyata yüksək qiymət verir. Lakin bununla yanaşı Son gündə hər şey məhv ediləcək, ölənlər Allah qarşısında cavab vermək üçün diriləcək. Axirət həyatına inam burada zəruri hesab edilir, çünki belə halda insan öz həyat və davranışlarını şəxsi maraq mövqeyindən deyil, əbədi gələcək mənasında qiymətləndirir. F.Engels yazırdr. «Materialist anlayışa görə, son nəticədə bilavasitə həyatın istehsalı və təkrar istehsalı tarixdə müəyyənedici momentdir. Lakin bunun özü də iki cür olur. Bir tərəfdən - yaşama vasitələrinin: yeyinti məhsullarının, paltarın, mənzilin və bu iş üçün zəruri olan alətlərin istehsalı; başqa tərəfdən - insanın özünün istehsalı, nəslin davamı». İdeoloji tərəfi nəzərə almadan qeyd etmək lazımdır ki, məsələnin belə qoyuluşu doğrudur. Şəxsiyyət haqqında daha iki konsepsiya mövcuddur: şəxsiyyət insanın funksional xarakteristikası kimi və şəxsiyyət insanın mahiyyət xarakteristikası kimi. Birinci konsepsiya şəxsiyyətin yalnız xarici davranışlarını nəzərdə tutur. İkinci isə şəxsiyyətin mahiyyətini, onun daxili aləmini açır. İnsanın şəxsiyyət keyfıyyəti oıum sosial həyat tərzindən və mənlik şüurundan ayrılmazdır. İnsan müxtəlif əlaqələr və münasibətlər sistemində, müxtəlif insanlar və qruplar ilə ünsiyyət şərairində yaşayır və fəaliyyət göstərir; о müxtəlif sosial qurumların - cəmiyyətin, sinfin, peşə qruplarının və s. üzvü kimi çıxış edir və öz fəaliyyətində daim onların təsirini hiss edir. Lakin heç bir xarici şərait (nə qədər münasib, yararlı olsa da) öz-özlüyündə insanın qabiliyyətinin həyata keçirilməsini tam təmin edə bilməz. Bunun üçün həm də şəxsi səy, iradə, mənəvi azadlıq lazımdır. Şəxsiyyət insandır. Lakin «insan» anlayışı bütün insanlar üçün ümumi olan nəsil, soy mənasını verir və onları heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici mühiti qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət bütün mənəvi xassələri - zəkası, öz əməllərinə cavabdehlik hissi, fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır; о elə insandır ki, müstəqil və işgüzar fəaliyyət subyekti olur. Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları ilə münasibətdə zorakılığa anadangəlmə meyl göstərməsi haqqında çoxlu fikirlər olmuşdur. Heyvanların davranışını öyrənən yeni elm - etologiya XX əsrin ortalarında meydana gəlib. Bu elmin yaradıcısı K.Lorens müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu instinktin təzahürü tormoz qurğuları ilə saxlanılır, insanda isə bu qurğular bağlanır, xarab olur; odur ki, bizim əksəriyyətimiz sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında aralıq bir dəstəyik. Bizim silaha, zorakılığa anadangəlmə meylimizin qarşısını heç nə ala bilməz. Postindustrial və informasion cəmiyyət şəraitində insana alət hazırlayan məxluq (Homo faber) kimi tərif vermək sivilizasiya konsepsiyalarında о qədər geniş yayılıbdır ki, həyatın məqsədi həyat vasitələri ilə əvəz olunmağa başlayır. Reallığı dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və texnologiya ona öz qanunlarını diktə edir və о da süni strukturlara doğru can atır. İnsan özünə üzvi həyatdan uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. "Mənasız qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası (pozulması) - texniki formanın təbiətə üstün gəlməsinin əlamətləri bunlardır. Texnikalaşmış dünya, bürokratiyanın öldürücü mühafizəkarlığı şəxşsizləşdirmə, insanın təbii vəziyyətdən uzaqlaşdırılmasının əlamətləridir” Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı hazırlıqlı insan (elita) idarə etməlidir. Bir çoxları isə göstərir ki, cəmiyyətə mütləq lider lazımdır. Elitizm konsepsiyasının tərəfdarları hesab edirlər ki, xalq cəmiyyəti idarə edə bilməz, çünki onun, birincisi, siyasətdə, iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaşqanlıq, cəmiyyətin əsasını dağıtmaq formasında büruzə verir; üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texni­ki cəhətdən nıümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər kabinetində iclas keçirə bilməz, ona görə də mütləq xalqın nümayəndələrini seçmək lazımdır. Deməli, cəmiyyəti idarə etmək üçün yüksək hazırlıqlı, səriştəli adamlar, yəni elita zəruridir. Liderlik və volyuntarizm nəzəriyyəsinin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlələr lidersiz, rəhbərsiz heç bir konstruktiv iş görə bilmir. Ona görə də xalq, əlbəttə, tarixi yaradır, lakin təkbaşına özü yox, rəhbərin başçılığı ilə. Bəziləri göstərirlər ki, lider öz iradəsini xalqa zorla qəbul etdirir, başqaları isə deyirlər ki, lider kütlə ondan nə istəyirsə onu edir, kütlə özünün mənliyini lider seçir və onu idarə edir. Beləliklə, lider, avtoritet özü kütlənin yetirməsidir. Lakin avtoritar rejimlərdə həmişə kütlə rəhbərin əsiri olur. Buna misal Stalin, Mao, Mus­solini, Hitler, Kastro, Səddam Hüseyn və başqalarının öz xalqı üzərində tam hökmranlığını göstərmək olar. Rəhbərlər insanları öz arxasınca apara bilir, əməli fəaliyyət iradəsinə malik olur, cəsarəti ağılından yüksək olur. Onu da qeyd etmək lazımdır ki, burada təbliğatın rolu çox böyükdür. E.Fromm hesab edirdi ki, fasiləsiz təbliğat tənqidi təfəkkürü zəiflədir, insanı bihuş edir, ağıla deyil, hissiyyata yönəlir. Gərgin emosional vəziyyət kütləni qəhrəmanlıq göstərməyə, özünü şəhid etməyə həvəsləndirə bilir. Belə halda kütlə ən xeyirxah məqsədlərə də aludə ola bilər. Freyd deyirdi ki, kütlə təmənnasız olaraq ideala sadiq olmağa qabildir. Üstəlik kütlə böyük mənəvi yaradıcılığa da qadirdir: dili zənginləşdirir, folklor yaradır, xalq mahnılarını bəstələyir və s. Bununla yanaşı göstərmək lazımdır ki, kütlə konkret şəraitdə insanların zəruri deyil, çox hallarda təsadüfi yığınıdır. Bu birliyin ümumi emosional istiqaməti var, onu əksəriyyətin qəbul etdiyi ənənələr deyil, daha çox qəzəb, bəzən heyvani hissiyyat idarə edir. Totalitar rejimlər xalqı kütləyə çevirmək istəyir. Çünki kütləni istənilən tərəfə çevirmək, göstəriş vermək, fanatiklər dəstəsinə çevirmək asandır. Orteqa-i Qasset deyir ki, İtaliya faşistlərinin lideri Mussolininin «hər şey Dövlət üçün, Dövlətdən kənar heç nə, Dövlətə qarşı heç nə» şüarını göstərmək kifayətdir ki, onun ideologiyasının tipik kütlə ideologiyası olduğunu biləsən. «Dövlətin diktaturası davranış qanununa çevrilən zorakılıq və birbaşa hərəkat tərəfindən qəbııl edilən ali formadır». Elita nəzəriyyəsinin əsasını İtaliya politoloqu və fılosofu V.Pareto (1848-1923) və H.Mosku (1858-1941) qoymuşdur. Məsələn, H.Moska demişdir: «Təşkilatlanmış azlığın təşkilatsız çoxluq üzərində suveren hakimiyyəti qaçılmazdır». «Yüz dam həmrəy, işin ümumi anlayışı ilə hərəkət edərək, bir-biri ilə həmrəy olmayan, təkbətək ünsiyyət saxlayan min adama qalib gəlir». Bu nəzəriyyənin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlə «ən yaxşı halda ətalətdə olur», həyəcana gələn vaxt isə qorxulu qüvvəyə çevrilir, nəzərə çarpan mühüm yenilikləri sevmir; bərabərliyə can ataraq insan mədəniyyətini dağıdır, onu keçmiş vəhşilik dövrünə tərəf geriyə atır.